Ekskursiyalar Azərbaycan Xalça Muzeyi
  • Azərbaycan Xalça Muzeyi

     

    Azərbaycan torpağında xalçaçılıq qədim zamanlardan başlamışdır. Bu bölgənin ən qədim tətbiqi sənətidir hansı ki, ölkənin qədim yaşayış məntəqələrində aparılan bir çox arxeoloji tədqiqatla bu sübut edilir.

    Yarandığı  dövrdə dünyada sırf xalçaçılıq sənətinə həsr olunmuş yeganə muzey idi. Azərbaycan xalçasının milli bədii irsin ən önəmli tərkib hissələrindən biri kimi qorunub saxlanılması, əsaslı və hərtərəfli öyrənilərək geniş ictimaiyyətə təqdim edilməsi muzeyin yaradılmasının başlıca məramı olmuşdur. Muzeyin yaradılmasının təşəbbüskarı görkəmli alim və xalçaçı, Azərbaycan xalçaçılıq elminin banisi, rəssam və müəllim, “Azərbaycan xalçası” kimi fundamental əsərin müəllifi Lətif Kərimov olmuşdur.

    Azərbaycan Xalça Muzeyinin ilk ekspozisiyası 26 aprel 1972-ci ildə İçərişəhərdə yerləşən, XIX əsr memarlıq abidəsi olan Cümə məscidinin binasında açılmışdır. Ekspozisiyanın açılış mərasimində muzey yarandığı gündən böyük dəstəyini əsirgəməyən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev iştirak etmişdir. 1970-1980-ci illərdə ümummilli lider Heydər Əliyevin davamlı dəstəyi sayəsində muzey sənətkarlıq nümunələrini almaq və bununla da öz kolleksiyasını genişləndirmək imkanı əldə etdi. Həmin illərdə muzey üçün Azərbaycan xalça sənətinin inciləri alındı.

    Muzeyin zəngin kolleksiyasında qiymətli metaldan hazırlanmış zərgərlik məmulatları, ziynət əşyaları və soyuq silahlar, çini, kağız, şüşə, ağac və daş üzərində oyma ilə işlənmiş əşyalar; bədii tikmə, parça və kişi, qadın, uşaq milli geyimləri; zərif naxışlı bədii metal məmulatları və s. kimi xalq tətbiqi sənət nümunələri nümayiş etdirilir. 

    2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Heydər Əliyev Fondu və YUNESKO-nun birgə layihəsi çərçivəsində Dənizkənarı Milli Parkda Azərbaycan Xalça Muzeyi üçün yeni binanın tikilməsi barəsində sərəncam imzaladı. 2014-cü ildə avstriyalı memar Frans Yantsın layihəsi əsasında muzey işinin ən müasir tələblərinə cavab verən yeni bina inşa edildi. Fəaliyyət göstərdiyi illər ərzində muzey davamlı inkişaf edərək Azərbaycan milli mədəniyyət nümunələrinin saxlanma və mühafizəsinin başlıca mərkəzlərindən birinə çevrildi.

    Muzey əlaqədar beynəlxalq şəbəkələrin fəal iştirakçısıdır. O, Avropa Tekstil Şəbəkəsi (ETN), Avropa Muzey Forumu (EMF), Beynəlxalq Muzeylər Şurası (İCOM), YUNESKO və Təhsil, Elm və Mədəni Əməkdaşlıq üzrə Hökumətlərarası Fond (IFESCCO) ilə sıx əməkdaşlıq edir.

    Hazırda, ölkənin müasir tikililərindən birində yerləşən Azərbaycan Xalça Muzeyi yalnız sənət nümunələri və milli irsimiz olan xalçaların saxlanc yeri kimi çıxış etmir, həm də milli xalça sənətinin hərtərəfli araşdırılması və xalqımızın bədii incilərinin yüksək səviyyədə təqdimat məkanı olaraq çoxşaxəli fəaliyyət göstərir.

     

    Adres Azərbaycan, Bakı