Ekskursiyalar Buxara Karvansarayı
  • Buxara Karvansarayı

     

    Karvansaray Şərq memarlığının ən mühüm komponentlərindəndir. Memarlığın bu "inciləri" olmadan bir şərq şəhərini təsəvvür etmək çətindir. Dövrün tacirlərinin tikdirdiyi həmin binalarda karvanlar saxlanar, insanlar dincələr və yollarına davam edərdilər. Orta əsrlərdə dövründə hərbi və sərhədlərin müdafiəsi məqsədilə tikilmiş, sonralar daha çox ticarət əhəmiyyəti daşıyan binalar da karvansara adlandırılmışdır.

    Bütün karvansaraylar iki növə bölünürdü: açıq və qapalı.

    İçərişəhərdə qədim özbək şəhəri Buxaranın adını daşıyan bir karvansara var. Adı kimi, tarixi də qədim dövrə gedib çıxan bu məkan öz əvvəlki görnüşünü olduğu kimi qoruyub-saxlayıb.

    Tarixçilərin bildirdiyinə görə, bu karvansara XV əsrdə Orta Asiyadan Bakıya gələn tacirlər tərəfindən inşa edilib. Elə tiklinin adı da həmin dövrdə Özbəkistanın paytaxtı olmuş Buxara şəhərinin adından götürülüb. Bu karvansaranın bir mərtəbədən ibarət olması deməyə əsas verir ki, tiklinin digər mərtəbəsi yerin altında qalıb. Ona görə ki, bütün Şərq karvansaralarının özünəməxsus memarlq quruluşu olub. Alt mərtəbə anbar kimi istifadə olunar, yuxarı mərtəbədə qonaq otaqları, həyətdə isə hovuz yerləşərdi. Multani karvansarası ilə üzbəüz tikilən, 17 otaqdan ibarət olan Buxara karvansarası birincidən fərqli olaraq, dairəvi formada tikilib.

    Həyətin ortasında bütün Şərq karvansaralarına məxsus hovuz yerləşir. Bu hovuzun özəlliyi ondan ibarətdir ki, tikildiyi dövrdə, yəni XV əsrdə necə olubsa, elə də qorunub saxlanılıb. Onun tikilmə üslubu hələ də insanlarda təəccüb və maraq doğurur. Belə ki, su fontandan axıb tökülsə də, hovuz dolmur və su müəyyən səviyyədə qalır. Və bu zaman suyun hara və necə axması görünmür. Karvansaranın həyətində diqqəti cəlb edən mənzərə qədim geyimlərimiz, əl işlərimizdən ibarət olan qalereyadır. Karvansara rəhbərliyi turist axınını nəzərə alaraq belə bir qalereya təşkil edib.

     

    Adres: Azərbaycan, Bakı, İçərişəhər